Taking too long? Close loading screen.

Azərbaycan ərazisindən daşınan yüklərin həcmi ildə 50 milyon tona çata bilər

2016-09-14

Şərqlə-Qərbin, Şimalnan-Cənubun qovşağında yerləşən, unikal coğrafi mövqeyə malik olan Azərbaycan Respublikası dünyanın nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qalmayıb. Əksər hallarda isə bu proseslərin təşəbbüskarı elə Azərbaycandır. Qloballaşan dünyada ölkəmizin bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir.  Azərbaycan dünyanın ən mühüm və böyük yol ayrıcı kimi qəbul olunur. Bu baxımdan da, “yol ayrıcın”ın yaratdığı imkanlardan səmərəli istifadəni təmin etməklə tranzit xidmətlərini postneft dövründə büdcənin əsas gəlir mənbələrindən birinə çevirmək qarşıda duran başlıca vəzifələrdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi dəstəyi ilə dövlət maraqlarını təmin edəcək irimiqyaslı işlər görülür. Ölkəmizdə tranzit yükdaşımaları stimullaşdırılmasına dair, dövlət başçısının imzaladığı çoxsaylı sərəncam və fərmanlar, verdiyi qərarlar, yüksək səviyyədə apardığı danışıqlar bu sahənin inkişafını təmin edəcək. Ümumilikdə, Azərbaycan hökumətinin, xüsusən “Azərbaycan Dəmir Yolları” QSC-nin beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak, tranzit daşımalarının artırılması və müvafiq infrastrukturun inkişaf etdirilməsi məsələlərini aktuallaşdırması və gündəliyə gətirməsi, strateji baxımdan olduqca mühüm addımdır. Həm də, bu addım zaman etibarı ilə tam yerinə düşdü. Ona görə ki, bunun üçün hazırda çox əlverişli konyuktura və siyasi şərait mövcuddur.

Azərbaycan üçün hazırda prioritet olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Beynəlxalq Şimal-Cənub Nəqliyyat dəhlizi ilə yanaşı, Cənub-Qərb və Vikinq layihələrinin işləməsi üçün səylər göstərilir.
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) məqsədi Çin, Orta Asiya, Xəzər və Qara dənizləri hövzələri və Avropa ölkələrindən yük daşımaları dövriyyəsini Azərbaycan üzərindən keçməklə hər iki istiqamətdə artıraraq, dövriyyə dinamikasının rəqabətliyini gücləndirməkdir. TBNM dəhlzinin iqtisadi əsaslandırılması və potensialın müəyyən edilməsi üçün Avropa İttifaqı və Çin arasındakı 106 milyon tondan artıq və dəyəri 520 milyard avrodan çox ticarət dövriyyəsini qeyd etmək lazımdır. TBNM vasitəsilə yükdaşımaları 12 gün ərzində həyata keçirilir və multi-modal daşımanı bu marşrut üzrə əlverişli edir. Artıq TBNM vasitəsi ilə 3 yük qatarı Çindən Avropa istiqamətində nəql edilib. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdırılandan sonra, minimum gündə 1 qatarın bu marşrutla nəql edilməsi planlaşdırılır. Şərq-Qərb nəqliyyat dəhlizində Azərbaycanın logistik imkanlarının artırılması istigamətində vacib addımlar atılır. Hazırda, məhz Azərbaycanın təşəbbüsü ilə Türkiyə və Gürcüstanın da iştirak etdiyi Bakı-Tbilisi-Qars dəmir yolu tikilir. Bu yol istismara veriləndikdən sonra Azərbaycan ilk dəfə Avropaya dəmir yolu şəbəkəsinə çıxış əldə edəcəkdir. Paralel olaraq Azərbaycanın özündə zəruri infrastruktur segmentləri yaradılmaqdadır. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin bərə terminalının fəaliyyətə başlaması dəmir yol vasitəsi ilə yükdaşımaların əhəmiyyətini artıracaqdır. Eyni zamanda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində azad iqtisadı zona da yaradılacaq, bununla əlaqədar, artıq bir çox xarici şirkətlərlə müqavilələr bağlanıb. Bu əməkdaşlıq nəticəsində regionda ilk dəfə sürücüsüz daşıma, yəni öz-özünü idarə edən və süni intillektə sahib nəqliyyat vasitələrinin istifadəsi tətbiq olunacaq. Hazırda Bakının Ələt qəsəbəsi yaxınlığında özündə nəqliyyat və logistika sənayesi, əczaçılıq klasteri, ümumi istifadə üçün neft təchizatı bazası obyektləri, o cümlədən emaletmə, qablaşdırma və etiketləmə ərazilərini birləşdirən Azad Ticarət Zonası da daxil olmaqla müasir liman kompleksi inşa etməkdədir. Bu yeni xidmətlərinin tətbiqi, Azərbaycanda gələcəkdə gəlirlərin artmasını təmin edən amillərdəndir.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi tranzit dəhlizləri arasında mühüm əhəmiyyət kəsb edən dəhlizlərdən biridir. Bu layihə Hindistan, Hind okeanı sahilində yerləşən dövlətləri, İran, Azərbaycan, Rusiya və Skandinaviya dövlətlərini vahid nəqliyyat marşrutunda birləşdirir. Şimal-Cənub Tranzit Dəhlizinin inkişaf perspektivi Rusiya və Skandinaviya ölkələri ilə ticarət dövriyyəsini ildən-ilə genişləndirən Hindistan dövlətidir. Rusiya ilə Hindistan arasında illik ticarət dövriyyəsi 8.3 milyon ton (8 milyard avro), Rusiya və İran arasında – 4 milyon ton (1.3 milyard avro), Rusiya və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) arasında – 5.5 milyon ton (2.7 milyard avro) təşkil edir, Finlandiyanın isə Hindistan ilə illik ticarət dövriyyəsi 341 min ton (651 milyon avro), İran ilə – 10 min ton (41 milyon avro), Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə – 1 milyon ton (1.6 milyard avro) təşkil edir və bu dövriyyələrin əsas hissəsi Hind Okeanından Süveyş kanalı, Aralıq dənizi və Baltik dənizi vasitəsi ilə daşınmaqdadır. Şimal-Cənub Tranzit Dəhlizi digər marşrutlarla müqayisədə (xüsusilə, Süveyş kanalından keçən dəniz yolu) əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Hazırda, Azərbaycanla İran arasında yüklər avtomobillər vasitəsi ilə daşınır, dəhlizin digər hissələrində isə dəmir yolu ilə. Azərbaycan və İran dəmir yolları birləşdirildikdən sonra yükdaşımaların xərcləri daha da aşağı düşəcək və bu amil tranzit yüklərinin çoxalmasına xidmət edəcək.

Azərbaycanın tranzit potensialını artıracaq və digər nəqliyyat layihələri arasında mühüm əhəmiyyət kəsb edən layihələrdən biri də, Cənub – Qərb nəqliyyat dəhlizi hesab olununr. Dəhliz İran Körfəzi / Hindistan – İran – Azərbaycan – Gürcüstan – Qara dəniz – Avropa marşrutu üzrə fəaliyyət göstərəcək. Qeyd olunan nəqliyyat dəhlizinin inkişaf perspektivi Avropa İttifaqı ölkələri ilə 1ticarət dövriyyəsini ildən – ilə genişləndirən Hindistan dövlətidir. Avropa Birliyi ilə Hindistan arasında cari ticarət dövriyyəsi illik 25,5 milyon ton təşkil edir və bu dövriyyənin 94% hissəsi Hind okeanından Süveyş kanalı və Aralıq dənizi vasitəsi ilə Avropa Birliyinə daşınmaqdadır. Bundan əlavə, 2014 – cü ilin statistik məlumatlarına görə Avropa Birliyi ölkələrinin İran və Körfəz Ölkələri Əməkdaşlıq Şurası ölkələri ilə ticarət dövriyəsi 207.1 milliard ABŞ dolları təşkil etmişdir. Cənub – Qərb Tranzit Dəhlizinin daşıma müddəti baxımından 50% qısa və tranzit qiyməti baxımından isə rəqabətə davamlıdır.

Birləşmiş nəqliyyat qatarı “Vikinq” Layihəsinin marşrutu Litva, Belarus və Ukrayna ərazisindən keçərək Baltik regionun dəniz xəttlərini Qara dəniz və Xəzər dənizinin analoji xətləri ilə birləşdirir. Layihənin əsas məqsədlərindən biri TRASEKA dəhlizi vasitəsi ilə Şimali Avropadan Mərkəzi Asiya, Çin, Afqanistan, Pakistan, Hindistan və İran körfəzi ölkələri istiqamətində əlavə yüklərin dəmir yolu ilə daşınmasına cəlb etməkdir.
Nəzərə alsaq ki, 2016-cı ilin 7 ayı ərzində, təkçə dəmir yolu vasitəsi ilə, 9 mln. tona yaxın yük daşınıb, ilin sonuna qədər bu rəqəm 16 mln. tona çatacaq. 2014-sü ildə isə dəmir yolu Azərbaycanda dəmir yolu vasitəsi ilə 21 mln tona yaxın yük nəql edilib. Reallaşdırılan nəqliyyat dəhlizləri, tikintisi başa çatan nəqliyyat qovşaqları, yaradılan hablar tam fəaliyyətə başladıqdan sonra isə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi ildə 50 mln. tona çata bilər. Burada həm Azərbaycan dəmir yolları, həm Azərbaycan Dəniz Gəmiçiliyinin, həm Bakı Beynəlxalq Dəniz Ticarət Limanıın və tranzit yükdaşımalarda xidmət göstərən digər dövlət qurumlarının ümumi gəlirlərini hesablayanda (hər nəql olunan 1 ton yükə ümumən təxminən 50 ABŞ $), Azərbaycan dövlətinin görəcək faydasını (hər il təxminən 2,5 mlrd ABŞ $) görmək çətin deyil.

Azərbaycanın apardığı regional ticarət siyasətinin xüsusiyyəti ondan ibarətdir ki, bu 4 marşrutların konkret coğrafi və yükdaşıma çərçivəsi olsa da, gələcəkdə onların arasında bəzi sinerqiyalar yaradıla bilər. Onların hərəsi digərini tamamlayaraq, bu ticarət siyasətinin təməlində duran yükdaşımalarının diversifikasiyasını təmin edə bilər. Azərbaycan ərazisindən keçən bu 4 tranzit dəhlizlərin təkmilləşdirilməsi dəniz və dəmir yolu nəqliyyatı üçün uzunmüddətli etibarlı bazarın formalaşmasında, ticarət əlaqələrinin genişləndirilməsində, yük daşımaları ilə bağlı infrastruktur sahələrinin inkişafında faydalı olacaqdır. Nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə, həmçinin gələcəkdə bu sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin artması ilə nəticələnəcək.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016