Taking too long? Close loading screen.

Azərbaycan və Çin Dəmir Yolları arasında görüş keçirilib

2016-10-28

Çin Xalq Respublikasında səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti paytaxt Pekində Çin Dəmir Yollarının rəhbər heyəti ilə görüş keçirib.

Görüşdə ölkəmizi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, və digər rəsmi şəxslər, qarşı tərəfi isə “Çin Dəmir Yolları”nın baş direktorunun müavini Yan Yudunun başçılıq etdiyi heyət təmsil edib.

Pekin danışıqlar zamanı Yan Yudun, Cavid Qurbanova Çin dəmir yollarının strateji inkişafı haqda ətraflı məlumat verərək, gələcək perspektivli layihələr barədə söhbət açıb. Bildirib ki, Çin iqtisadiyyatının inkişafı, Qərb və xüsusi ilə Avropa ölkələri ilə ticarət dövriyyəsnin ildən ilə artması, yüklərin nəql edilməsi yollarının diversifikasiyası qarşıda duran vacib çağırışlardan biridir. Onun sözlərinə görə, Çin Xalq Respublikasının Sədri Si Czipinin təşəbbüsü ilə “Bir kəmər bir yol” proqramı hazırlanıb və bu layihəyə əsasən Yeni İpək Yolunun dirçəldilməsi nəzərdə tutulub.  “Çin Dəmir Yolları”nın Baş direktorunun müavini Azərbaycanın tranzit imkanlarından istifadə edilməsi həmin proqramın tərkib hissəsi olduğunu qeyd edib.

Öz növbəsində Azərbaycanın tranzit potensialı, əlverişli coğrafi mövqeyi haqda söhbət açan  “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkəmizdə reallaşan iri infrastruktur layihələri haqda Çin tərəfinə geniş məlumat verib. Bildirib ki, tikintisi sona çatmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu, bütöv bir regionu Avropa dəmir yolları şəbəkəsinə birləşdirəcəck, Astaradan İrana qədər dəmir yolunun inşası isə dəmir yolu vasitəsi ilə ölkəmizi İran körfəzi və Hind okeanı ölkələri ilə birləşdirəcək. Cavid Qurbanovun sözlərinə görə, Çin hər iki dəmir yolundan rahatlıqla istifadə edərək, qısa zaman kəsiyində Türkiyə, Avropa və İranla idxal-ixrac əməliyyatlarını həyata keçirmək imkanı əldə edəcək.

Görüşdə Çin Dəmir yollarının rəhbərliyi Azərbaycan ərazisindən keçməklə TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutundan geniş istifadə edilməsində maraqlı olduqlarını nəzərə çatdırıblar. Bildiriblər ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi Çindən daşınan yüklərin Gürcüstan, Qara Dəniz hövzəsində yerləşən limanlara, həmçinin Cənubi Rusiya və İran istiqamətində paylaşdırılmasını həyata keçirmək istiqamətində bir hub rolunu oynamağa imkan yaradır.

TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Çindən – Mərkəzi ve Cənubi Avropa arasında ticarət dövriyyəsi üçün ən əlverişli nəqliyyat dəhlizi olduğunu bildirən Çin rəsmiləri, yüklərin sayı artacağı təqdirdə, Xəzər dənizində baş verəcək gecikmələrin qarşısını almaq üçün, alternativ marşrut kimi, Xəzərin şimal hissəsindən, yəni Qazaxıstan-Rusiya-Azərbaycan dəmir yolu marşrutunundan istifadə etmək arzusunda olduqlarını bildiriblər. Qeyd ediblər ki, bu yolla, artıq yüklər, Azərbaycandan İrana və Türkiyəyə daşına bilər.

Tərəflər əməkdaşlığın inkişaf etdirilməsi və iş birliyi zamanı yaranacaq bütün məsələlərin operativ həlli üçün işçi qrupunu yaradaraq, onlara rəhbərlik edəcək məsul şəxsləri də müəyyən ediblər.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016