Taking too long? Close loading screen.

Son iki il: Dəmir yolunda islahatlar mərhələsi

2017-02-09

Azərbaycanın nəqliyyat sisteminin əsas qollarından olan dəmir yolu nəqliyyatı indi özünün sürətli inkişaf mərhələsindədir. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən irihəcmli islahatlar, bütün sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında da sürətlə həyata keçirilir.

2015-ci il fevralın 9-u, Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunması yeni islahatların başlanması kimi yadda qaldı. Bu iki il ərzində “Azərbaycan Dəmir Yolları” QSC müxtəlif beynəlxalq layihələrin fəal iştirakçısı olmaqla yanaşı tranzit potensialının artırılması istiqamətində də mühüm addımlar atıb.

Bunun nəticəsində XXI əsrin əsas tikintilərindən olan, təkcə üç xalqı və üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının reallaşması istiqamətində işlər sürətləndirildi. Bu il bağlantının istismara verilməsi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinə qoşulmaqla gələcəyə hesablanmış daha bir addım atıb.

Azərbaycanın xüsusilə önəm verdiyi beynəlxalq nəqliyyat layihələrindən biri də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, Astara stansiyasından İİR sərhədinədək 8,3 km uzunluğunda yeni dəmir yolu xətti çəkilib. Astara çayı üzərində tikilən körpüdə son tamamlama işləri görülür.

Son iki il ərzində tranzit potensialının artırılması istiqamətində də olduqca uğurlu addımlar atılıb. 2015-ci il avqustun 3-də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində hərəkət edən “Nomand ekspress” ilk sınaq konteyner qatarı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. Artıq bu marşrut üzrə bir neçə qatar yola salınıb.

Daha sonra 2015-ci il sentyabrın 12-də Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yolasalma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Bakı və Sumqayıt şəhərləri arasında mövcud olan sərnişin sıxlığını, eləcə də avtomobil yolunda olan tıxac problemini aradan qaldırmaq üçün bu iki şəhər arasında bir zamanlar mövcud olan dəmir yolu əlaqəsini bərpa etmək zamanın tələbi idi. Bunun üçün, ilk növbədə, dəmir yollarının əsaslı təmirinə ehtiyac var idi. 3 mart 2015-ci ildə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda baş yolların əsaslı təmirinə start verilib, sentyabrın 2-də işlər başa çatdırılıb.

13 may 2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin “Vikinq qatarı” layihəsinə qoşulması haqqında protokol imzalanıb. “Viking train” layihəsi 3 ölkə – Litva, Belarus və Ukraynanı əhatə etməklə yüklərin Baltik dənizi hövzəsindən Qara dəniz hövzəsinə daşınmasını əhatə edir.

“Azərbaycan Dəmir Yolları” QSC-də gedən yeniləşmə prosesinin əsas tərkib hissələrindən biri də yolların əsaslı təmiridir. 2015-ci ilin oktyabr ayında təmir işlərinin növbəti mərhələsinə start verilib, bu günə kimi 200 km-dən artıq dəmir yolu əsaslı təmir edilib. Bununla yanaşı Bakı sərnişin – Pirşağı – Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolu təmir olunur.

Son vaxtlar dəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır. Fransanın ALSTOM şirkəti ilə 50 ədəd yük və sərnişin lokomotivinin alınması üçün müqavilə imzalanıb. Qazaxıstandan 10 ədəd teplovozun alınması da gündəmdədir. Ölkəmizə gətirilən 5 ədəd teplovoz bu günlərdə yük daşımalarında istifadə olunacaq. Həmçinin, sabit cərəyanla işləyən 4 ədəd elektrovoz da alınıb.

2015-ci ilin mart ayında “Azərbaycan Dəmir Yolları” QSC ilə Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası arasında 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı imzalanmış müqavilə qısa müddət ərzində həyata keçirilib.

Hazırda Bakı-Böyük-Kəsik istiqamətində elektrik təchizatı sisteminin 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi mərhələlərlə icra olunur. Dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə edilməsi ilə əvəzlənməsi işləri davam etdirilir.

2016-cı il oktyabrın 12-də “Azərbaycan Dəmir Yolları» QSC 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazası əsaslı təmirdən sonra istifadəyə verilib. Qeyd edək ki, Azərbaycan Dəmir Yollarının əsaslı təmir prosesində istifadə olunan 25 metrlik çərçivələr, əsasən, “Azərbaycan Dəmir Yolları» QSC 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat bazasında hazırlanır.

Son vaxtlar Səngəçal istehsalat bazasının ərazisidə yoldəyişən qurğuların yığılması üçün yeni meydança tikilib. Sağ və sol təmayüllü yoldəyişən qurğuların quraşdırılması üçün tikilən meydançanın uzunluğu 90, eni 16 metr təşkil edir. Bu meydancada yoldəyişənlərin alt quruluş hissələri, yəni tirlər dəmir-betondan yığılır. Bu, Azərbaycan Dəmir Yolunun tarixində ilk dəfədir. Artıq 16 yeni yoldəyişən qurğu dəmir yolunun müxtəlif mənzillərində quraşdırılıb.

Aparılan iri həcmli yenidənqurma işlərinin əsas tərkib hissələrindən biri də «Azərbaycan Dəmir Yolları» QSC-nin inzibati binasında əsaslı təmir işlərinin həyata keçirilməsidir. Təmir işləri müasir standartlara uyğun olaraq reallaşdırılıb, dam örtüyü tamamilə yenilənib. İşçilər üçün müasir standartlara uyğun şərait yaradılıb, bütün iş otaqları yeni mebel və avadanlıqlarla təmin olunub. Binada sürətli internet şəbəkəsi yaradılıb, isitmə və soyutma sistemi mərkəzləşdirilib.

Eyni zamanda, dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü başlayıb. Enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və s. sahələrin müasir tələblər səviyyəsinə çatdırılması üzrə bir sıra mühüm tədbirlər həyata keçirilib.

Bakı sərnişin vağzalında aparılan əsasalı təmir işləri islahatlar prosesinin əsas tərkib hissələrindəndir. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulub. Vağzal binasının daxilində tam yenidənqurma işləri görülüb. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəzlənib.

Bu dövr ərzində dəmiryolçuların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Cəmiyyət rəhbərliyi ilə MHİRK-in birgə fəaliyyəti hamını sevindirib. İki il ərzində 150 dəmiryolçu mənzillə təmin edilib. Dəmiryolçuların gələcəkdə də mənzillərlə təmin olunması nəzərdə tutulur.

“Azərbaycan Dəmir Yolları” QSC və “ASAN xidmət”in birgə layihəsi olan “ASAN qatar” fəaliyyətə başlayıb. 28 dekabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Biləcəri stansiyasında səyyar “ASAN qatar”la tanış olub.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar “ASAN qatar” konsepsiyası reallaşdırılıb. Bakı vaqon deposunda “ASAN qatar” sisteminin tətbiqi ilə bağlı xüsusi vaqonlar hazırlanıb. Səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir. Səyyar “ASAN qatar” vasitəsilə 4 dövlət orqanı tərəfindən 9 növ xidmət göstərilir. Eyni zamanda, qatarda 3 növ funksional yardımçı xidmətlər – foto və tibb xidməti, o cümlədən “Azərpoçt” MMC tərəfindən göstərilən bank xidmətləri təşkil edilib.

29 dekabr 2016-cı il tarixində Naxçıvan – Məşhəd -Naxçıvan beynəlxalq sürət qatarı hərəkətə başladı. Sürət qatarı həftədə iki dəfə (dördüncü və bazar günləri) hərəkətdə olur. Qatar Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edir.

Dəmir yolunda islahatlar prosesi davam edir.

Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsindədir. Son iki il ərzində ölkə polad magistralında “Azərbaycan Dəmir Yolları” QSC-nın sədri hörmətli Cavid Qurbanovun rəhbərliyi ilə aparılan islahatlar bu nəhəng arteriyanın yenilənməsinə və ölkə vətəndaşlarına göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsinə hesablanıb.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016