Taking too long? Close loading screen.

Dəmiryolçular son illərdə görülən işləri müzakirə etdilər

2018-02-09

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 2017-ci ilin, eləcə də son üç ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib.

Tədbiri giriş sözü ilə açan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov ilk öncə bildirib ki, Yeni Azərbaycan Partiyasının VI qurultayı 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib. Həmişə olduğu kimi, bu dəfə də dəmiryolçular prezident seçkilərində aktivlik göstərəcək və ölkəmizin işıqlı gələcəyinə səs verəcəklər.

Natiq sonra 2017-ci ildə və son üç il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, Azərbaycanın Bakı-Tbilisi-Qars, “Şimal-Cənub”, “Cənub-Qərb” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməsi istiqamətində görülən işlər haqqında məlumat verib.

O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son üç il ərzində bir neçə dəfə dəmir yolunda olub. Belə ki, ölkə başçısı 3 iyun 2015-cı ildə Bakıya gətirilən yeni elektrik qatarı ilə tanış olub, 12 sentyabr 2015-ci ildə Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk elektrik qatarının yola salınması mərasimində iştirak edib. 28 dekabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Biləcəri stansiyasında səyyar “ASAN qatar”la tanış olub. 10 fevral 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binasında və Bakı Dəmir Yolu Vağzalında əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar və görülən işləri yüksək qiymətləndiriblər.

30 oktyabr 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan, Gürcüstanın və Özbəkistan Respublikalarının baş nazirləri mərasimdə iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu nəqliyyat dəhlizinin əhəmiyyətini dəfələrlə vurğulayıb. O, bildirib ki, biz tərəfdaşlarımız – Gürcüstan və Türkiyə ilə dəmir yolunun inşasının təşəbbüskarı olduq. Bu dəmir yolu üç ölkəni və qitələri birləşdirir. Biz qarşılıqlı ticarət dövriyyəmizi bu dəmir yolu xətti olmasa belə artıra bilərdik. Ancaq BTK Asiyanı Avropa ilə birləşdirməyə lazımdır. Bu, ən qısa nəqliyyat marşrutudur.

Çıxışına davam edən C. Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib.

Sonra natiq dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması, enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçirilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və s. sahələrin müasir tələblər səviyyəsinə çatdırılması üzrə həyata keçirilən tədbirlərdən danışıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavinləri Zaman Novruzov, Hicran Valehov, İqbal Hüseynov, Vüsal Aslanov, sədrin müşaviri Xeyrulla Hümbətov çıxış edərək dəmir yolunda reallaşdırılan irihəcmli layihələr, yaxın və uzaq ölkələrin müvafiq qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi, rəhbərlik etdikləri sahələrdə görülən işlər haqqında məlumat veriblər.

MHİRK-in sədri Fəzail Bağırov Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə rəhbərlik etdiyi üç il ərzində ölkə polad magistralının tranzit potensialının artırılması, texniki vasitələrin müasirləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər haqqında danışıb. Bildirib ki, 2017-ci ilin nəticələrinə görə, MHİRK-in təsis etdiyi “Firudin Ağayev” adına, “İlin ən yaxşı müəssisəsi” və “Əla yol işçisi-ilin ən yaxşı mütəxəssisi” müsabiqələrinin qalibləri müəyyən olunub.

Sonda müsabiqələrin qaliblərinə mükafatların təqdimolunma mərasimi keçirilib.

Yığıncağı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov yekunlaşdıraraq, 2018-ci ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsində dəmiryolçulara uğurlar arzulayıb.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016