Taking too long? Close loading screen.

SON DÖRD İL: DƏMİR YOLU İSLAHATLAR MƏRHƏLƏSİNDƏ

2018-09-19

Azərbaycanın nəqliyyat sisteminin əsas qollarından olan dəmir yolu nəqliyyatı indi özünün sürətli inkişaf mərhələsindədir. Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir.

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən irihəcmli islahatlar, bütün sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında da sürətlə həyata keçirilir.

Son illər dəmir yolunun həyatında bir canlanma hiss olunur. Təxminən dörd il əvvəl Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunması ilə bu qurumun tarixində yeni era başlayıb. Son vaxtlar beynəlxalq maliyyə qurumları ilə daha da intensivləşən ikitərəfli və çoxtərəfli əlaqələr dəmir yolunda islahatların aparılmasına öz müsbət təsirini göstərir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müxtəlif beynəlxlaq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsinə də ciddi yanaşır.
Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın nəqliyyat qurumları, o cümlədən dəmir yolu beynəlxlaq layihələrin reallaşması prosesində aktiv iştirak edir. Qeyd edək ki, 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısında təkcə üç xalqı, üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının açılış mərasimi oldu.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş tutan açılış mərasımində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Respublikasının Baş naziri Giorgi Kvirikaşvili iştirak ediblər. Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı Azərbaycan, Gürcüstan və Türkiyə dövlət başçılarının daim nəzarətində olan layihədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu nəqliyyat dəhlizinin əhəmiyyətini dəfələrlə vurğulayıb. O, bildirib ki, biz tərəfdaşlarımız–Gürcüstan və Türkiyə ilə dəmir yolunun inşasının təşəbbüskarı olduq. Bu dəmir yolu üç ölkəni və qitələri birləşdirir. Biz qarşılıqlı ticarət dövriyyəmizi bu dəmir yolu xətti olmasa belə artıra bilərdik. Ancaq bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirməyə lazımdır. Bu, ən qısa nəqliyyat marşrutudur. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu ilə yüklərin daşınmasına başlanılıb.

Ölkəmizin önəm verdiyi beynəlxalq nəqliyyat layihələrindən biri də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması həqiqətən də tarixi hadisədir. Bu dəhliz Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Bu layihənin icrası çərçivəsində Azərbaycan tərəfi öz üzərinə düşən vəzifələri yerinə yetirdi. Artıq Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb. Bu günlərdə sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Eyni zamanda Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası davam edir. Bu ilin mart ayında Astara-Astara dəmir yolunun birləşdirilməsi layihəsinin ilk fazasının və terminalın açılışı oldu. İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycana səfəri çərçıvəsində “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş”i imzalanıb.

Hazırda Astarada (İran) aparılan işlər başa çatmaq üzrədir. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da daxildir.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması həqiqətən də tarixi hadisədir. Bu dəhliz Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. – “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hind Okeanı, Süveyş kanalı, Aralıq Dənizi, Baltik Dənizindən keçərək Helsinki şəhərinə 45-60 gün ərzində daşıma müddəti təşkil edirsə, bu dəhliz vasitəsilə 20-25 gün təşkil edəcək.

Son illlər ərzində tranzit potensialının artırılması istiqamətində olduqca uğurlu addımlar atılıb. 2015-ci il avqustun 3-dən etibarən Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyəti canlandırılıb. Artıq bu marşrut üzrə bir neçə qatar yola salınıb.

Cənub-Qərb Nəqliyyat Dəhlizinin fəaliyyətə başlaması istiqamətində görülən işlər də təqdirəlayiqdir. Bu dəhliz İran, Azərbaycan, Gürcüstan, Ukrayna vasitəsilə Hindistandan Avropaya və əks istiqamətdə yüklərin daşınmasında vaxt itkisini azaldır. İkin hesablamalara əsasən bu dəhliz üzrə yük daşımaları 7 gün ərzində həyata keçirmək mümkün olacaqdır.

Son vaxtlar dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü başlayıb. Enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçirilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və s. sahələrin müasir tələblər səviyyəsinə çatdırılması üzrə bir sıra mühüm tədbirlər həyata keçirilib.

Görülmüş tədbirlər nəticəsində İsveçrənin “Stadler Rail Group” şirkətindən KİSS markalı ikimərtəbəli elektrik qatarlarının alınıb gətirildi. Həmin qatarlar 2015-ci il sentyabr ayının 12-də Bakı-Sumqayıt marşrutu ilə hərəkətə buraxıldı və qatarın yolasalma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etdi.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində gedən yeniləşmə prosesinin əsas tərkib hissələrindən biri yolların əsaslı təmiridir. Bu istiqamətdə dəmir yolunda kompleks işlər görülür. Beynəlxalq və reginal nəqliyyat dəhlizlərinin gələcəkdə fəaliyyət göstərməsi Azərbaycan üzərindən yük axının dəfələrlə artmasına gətirib çıxaracaq. Bunun üçün dəmir yolunda irihəcmli işlər aparılır. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və artıq başa çatmaq üzrədir. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir. İlk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 210 yoldəyişən yenisi ilə əvəz olunub.

Son vaxtlar dəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır, yeni lokomotivlər alınır. Qazaxstandan 10 ədəd teplovozun alınması üçün müqavilə imzalanmışdır. Artıq teplovozlardan hamısı ölkəmizə gətirilib.

Fransanın “Alstom Transportation S.A.” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında 12 may 2014-cü il tarixdə bağlanmış müqavilənin tərkib hissəsi kimi hal-hazırda 10 ədəd Prima M4 (AZ4A) sərnişin lokomotivi istehsal edilməkdədir. Bu yaxınlarda Belfort şəhərində “Alstom Transportation S.A.” şirkətinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti üçün istehsal etdiyi birinci Prima M4 sərnişin lokomotivinin təqdimat mərasimi keçirilib.

Eyni zamanda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Rusiya Federasiyasının F.Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası arasında 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb, qısa müddət ərzində yeni yuk vaqonları ölkəmizə gətirilib.

Hazırda Bakı-Böyük-Kəsik istiqamətində elektrik təchizatı sisteminin 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi mərhələlərlə icra olunur. Dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə edilməsi ilə əvəzlənməsi işləri davam etdirilir.

Aparılan iri həcmli yenidənqurma işlərinini əsas tərkib hissələrindən biri də «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin inzibati binasında əsaslı təmir işlərinin həyata keçirilməsi oldu. Təmir işləri müasir standartlar səviyyəsində həyata keçirilib. Belə ki, binanın dam örtüyü tamam yenilənib, burada işləyənlər üçün müasir standartlara uyğun iş şəraiti yaradılıb, bütün iş otaqları yeni mebel və avadanlıqıqlarla təchiz olunub, sürətli internet şəbəkəsinə qoşulub eləcə də isitmə və soyutma sistemi mərkəzləşdirilib.

Ölkə başçısı İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar “ASAN qatar” konsepsiyası reallaşdırılıb. Bakı vaqon deposunda “ASAN qatar” sisteminin tətbiqi ilə bağlı xüsusi vaqonlar hazırlanıb. Səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir. Səyyar “ASAN qatar” vasitəsilə 4 dövlət orqanı tərəfindən 9 növ xidmət göstərilir. Eyni zamanda, qatarda 3 növ funksional yardımçı xidmətlər – foto və tibb xidməti, o cümlədən “Azərpoçt” MMC tərəfindən göstərilən bank xidmətləri təşkil edilib. 28 dekabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Biləcəri stansiyasında səyyar “ASAN qatar”la tanış oldu və görülən işləri yüksək qiymətləndirdi.

Möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu il fevral ayının 10-da Bakı Dəmir Yolu Vağzalında və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binasında aparılmış yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olması, kollektivimizə uğurlar arzulaması dəmiryolçularda böyük

ruh yüksəkliyi yaradıb.

29 dekabr 2016-cı il tarixdən daha bir qatar – Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı hərəkətə başladı. Sürət qatarı həftədə iki dəfə (dördüncü və bazar günləri) hərəkətdə olur. Sürət qatarı Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edir.

Bu dövr ərzində dəmiryolçuların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Cəmiyyət rəhbərliyi ilə MHİRK-in birlikdə fəaliyyəti hamını sevindirib. Belə ki, son 2 il ərzində 200-ə yaxın dəmiryolçu yeni mənzillərlə təmin edilib. Dəmiryolçuların yeni mənzillərlə təmin edilməsi ənənəsi davam etməkdədir.

Əlbəttə ki, bunlar görülən işlərin hələ tam siyahısı deyil. Belə ki, dəmir yolunda islahatlar prosesi davam etməkdədir.

İLHAM ƏLİYEV

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

HEYDƏR ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

MEHRİBAN ƏLİYEVA

MEHRİBAN ƏLİYEVA

Azərbaycanın birinci xanımı

"AZƏRBAYCAN DƏMİR YOLLARI"

Qapalı Səhmdar Cəmiyyəti

ADY CONTAINER

ADY CONTAINER

Məhdud Məsuliyyətli Cəmiyyət


ADY Express
  • Azərbaycan
  • Русский
  • English
ADY Express
Bütün hüquqlar qorunur. © 2016