“Şərq” Vaqon deposunda təmir olunan vaqonların sayı artıb
2021-01-08
Qaradağ r-nu Ələt qəsəbəsidə yerləşən və “ADY Express” MMC-nin balansında olan “Şərq” Vaqon Deposu 2020-ci ilə artımla yekun vurub. Depoda, Azərbaycanda dəmir yolu ilə yükdaşımaların fasiləsiz təmin edilməsi üçün, yük vaqonlarının cari və depo təmirləri həyata keçirilir.
ADY Express, 2020-ci ildə “Şərq” vaqon deposunun fəaliyyətini, koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimi şəraitinə uyğun təşkil edərək, növbəıi iş rejimi yaradıb və vaqonların təmiri prosesi fasiləsiz davam etdirilib. Deponun nəzdində fəaliiət göstərən bütün sexlərdə işlər əvvəlki qaydada aparılıb. Nəticədə yük vaqonlarının vaxtında təmir işlərinin yekunlaşdırılması və yüklərin nəqlində istifadə olunmasına şərait yaradılıb.
2020-ci ildə depoda təmir olunan vaqonların ümumi sayı 1091 ədəd təşkil edib ki, bu da 2019-cu illə müqaisədə 70% çoxdur. Ən yüksək göstərici ötən ilin noyabr ayında qeydə alınıb – 147 vaqon. Ötən il təmir olinan yük vaqonları arasında 229 ədəd çən vaqon, 204 yarımvaqon, 219 örtülü vaqon, 218 refrejirator, 219 platforma və 2 taxıldaşıyan vaqon təşkil edib.
Qeyd edək ki, hazırda depoda mərhələli şəkildə təmir bərpa işləri aparılır. Deponun yenidənqurulması və onun müasir mühəndis və texnoloji avadanlıqlarla təchiz olunması, Azərbaycanda mövcud olan vaqon parkına daxil olan bütün növ yük vaqonlarının təmirin aparılmasına xidmət edəcək. Deponun yenidənqurulması konsepsiyası, istehsal prosesinin dayandırmamaq şərti ilə maksimal dərəcədə mövcud tikililərin və qurğuların saxlanılması nəzərə alınmaqla hazırlanıb. Beləliklə hazırda “Şərq” vaqon deposunda yenidənqurma işləri ilə paralel olaraq texnoloji proses – vaqonların təmiri işləri davam etdirilir.