Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk dəfə ixrac yönümlü yüklər nəql edildi
2021-01-12
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC, 2021-ci ilin ilk günlərindən Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə ilk dəfə olaraq ixrac yönümlü yüklərin nəqlinə start verdi. İxrac yüklərinin xarici bazarlara çıxarmaq, fəaliyyətinin əsas istiqamətlərindən sayan ADY Express, bu dəfə “Baku Steel Company” şirkətinin istehsal etdiyi metal konstruksiyaları Türkiyəyə nəql etməyə müvəffəq olub. Yüklər Bakıdan Türkiyənin Payas stansiyasına çatdırılıb.
Metal konstruksiyalar ADY Express-in təqdim etdiyi yarımvaqonlara yüklənərək, Axalkalaki stansiyasına çatdırılıb. Burada Türkiyə dəmir yollarına məxsus vaqonlara aşırılan yüklər daha sonra yolunu davam etdirilib.
Ümumi olaraq isə 75 vaqonla 5 min ton metal konstruksiyanın nəqli nəzərdə tutulub ki, onlardan ilk 15 vaqon artıq Türkiyəyə çatdırılıb, yüklərin daha bir hissəsi yoldadır. Bakı-Tbilisi-Qars vasitəsi ilə bu cür yüklərin bundan sonra da nəqli nəzərdə tutulur.
Qeyd edək ki, 2020-ci ildə ADY Express şirkəti Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə ümumilikdə 49 739 ton yük nəql edib ki, bu yüklərin 97% tranzit, 3% isə idxal yüklərin payına düşüb. Müqayisə üçün, 2019-cu ildə BTQ vasitəsi ilə şirkət 25 722 ton yük nəql etməyə müvəffəq olmuşdur.