Azərbaycanın tranzit potensialı Polşada böyük marağa səbəb oldu
2016-08-19
17-18 avqust tarixində Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan və Polşa dəmiryolçularının və logistik operatorların görüşü keçirilib. Bu görüş, 10 iyun 2016-cı ildə Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla Polşanın Azərbaycandakı səfiri Marek Tsalka ilə aparılan danışıqlar və imzalanan protokolun davamı olaraq təşkil edilib.
Varşavada keçirilən görüşün əsas müzakirə mövzusu, Polşa iri yükdaşıyıcılarının Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərindən yararlanmaq imkanları olub. TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Cənub Qərb Nəqliyyat Dəhlizi Polşalı tərəfdaşların böyük marağına səbəb olub. Həmin marşrutlardan istifadə edərək, Polşa yükdaşıyıcıları Çin və Orta Asiya eyni zamanda Hindistan və İran körfəzi ölkələri ilə ticarət əlaqələrini daha asan və sərfəli şərtlərlə həyata keçirəcək. Yüklər həmin bölgələrdən Azərbaycan, Gürcüstan, Qara dəniz və Ukraynadan keçərək Polşaya və oradan Avropanın digər ölkələrinə çatdırılacaq. Beləliklə artıq demək olar ki, Ukraynanın ardınca Polşa da Azərbaycandan keçən nəqliyyat marşrutlarının iştirakçısı olur.
Danışıqlar zamanı Azərbaycan və Polşa dəmiryolçuları öz imkanları təqdim edərək, əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər. Xüsusi olaraq konteyner yükdaşımaların texnologiyası, tariflər və digər vacib texniki məsələlər diqqət markəzində olub.
Görüşün sonunda protokol imzalanıb. Qeyd edilən marşrutlara böyük həcmdə yüklərin və yeni tərəfdaşların cəlb olunmasına yönələn sənəd eyni zamanda gələcək əməkdaşlığın çərçivəsini müəyyən edir. Bundan başqa tərəflər yaxın zamanlarda sınaq konteyner qatarının göndərilməsi ilə də bağlı razılığa gəliblər.