Bakıda Azərbaycan-İran biznes forumu keçirilib.
2018-03-29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani biznes forumda iştirak ediblər.
Forumda Neftçala Sənaye Məhəlləsində görülən işləri əks etdirən videoçarx göstərildi. Prezident İlham Əliyev və Prezident Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində yaradılan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə “Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basdılar. Sonra dövlət başçılarına videoçarx əsasında bu müəssisənin fəaliyyəti və istehsal prosesi barədə məlumat verildi.
Daha sonra Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı görülən işlərdən bəhs edən videoçarx nümayiş olundu. Videoçarxda İran ərazisində Azərbaycan Dəmir Yollarının Astara terminalı haqqında məlumat verildi. Dövlət başçıları biznes forumda nitq söylədilər.
Daha sonra biznes forum, Azərbaycan və İran işgüzar dairələrinin iştirakı ilə ikitərəfli formatda danışıqlar formatında işini davam etdirdi. Ikitərəfli görüşlərdə “ADY Express” şirkətinin nümayəndələri də iştirak edərək, iran ərazisində yerləşən Astara Yükaşırma Terminalı vasitəsi ilə yüklərin nəql edilməsi məsələlərini müzakirə ediblər.