Beynəlxalq Loqistik Forumda Azərbaycanın nəqliyyat potensialı diqqət mərkəzində
2018-05-31
29-30 may tarixlərində Ukraynanın Odessa şəhərində «Transport and Logistics» adlı beynəlxalq ekspeditorların forumu keçirilib. Beynəlxalq ekspeditorlar forumu, bu sahədə çalışan biznes nümayəndələr üçün bir platforma olaraq, mövcud problemlər və çağırışlar, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və kadr hazırlanması kimi, məsələlərin müzakirə edilməsinə şərait yaradır.
Forumda “Azərbaycan Dəmir Yolları” QSC, “ADY Express” MMC və “ADY Container” MMC-nin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində, Azərbaycan, Gürcüstan və Ukrayna dəmir yolları nümayəndələrinin İran və Çinin yük sahibləri ilə keçirilən görüşlərdə, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Cənub-Qərb Beynəlxalq nəqliyyat dəhlizinin və İranın Astara şəhərində, Azərbaycan Dəmir Yolları tərəfindən, inşa edilən yük terminalının, eləcə də Orta Koridor – TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin və Bakı-Tbilisi-Qars dəmir yollarının təqdimatı keçirilərək, dövlət və özəl sektorunun nümayəndələri və beynəlxalq təşkilatlarla iqtisadi əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.
Azərbaycan nümayəndə heyətinin keçirdiyi ikitərəfli görüşlərdə, biznes proseslərinin təkmilləşdirilməsi, Cənub-Qərb və Orta Koridor Beynəlxalq nəqliyyat dəhlizi ilə həyata keçirilən yükdaşımaların tarifləri, Asiya-Avropa istiqamətində yükdaşımalar sahəsində aparıcı texnoloqiyaların tətbiqi kimi məsələlər diqqət mərkəzində olub. Azərbaycanlı ekspertlər, tədbir iştirakçılarla loqistik məsələlərin həllinə dair məsləhətləşmələr apararaq, strateji tərəfdaşlarla gələcək əməkdaşlığının perspektivlərini müzakirə ediblər. `
Avropa-Asiya istiqamətində yükdaşımaların inkişafına dair keçirilən yüksək səviyyəli görüşdə isə, Azərbaycanda dəmir yolu loqistikası sahəsində görülən işlər, həyata keçirilən iri infrastruktur layihələri və Azərbaycanın nəqliyyat potensialı və ölkəmizdə nəqliyyat sektorunda görülən işlər haqqında geniş məlumat verilib