Ələt Şərq vaqon deposuna baxış keçirilib
2018-07-24
“Azərbaycan Dəmir Yolları” QSC-nin Sədri Cavid Qurbanov “ADY Express” MMC-nin tərkibində fəaliyyət göstərən Ələt Şərq vaqon deposuna baxış keçirib, burada aparılacaq təmir-bərpa işləri ilə maraqlanıb.
Dəmir Yolu Sədrinə Şərq deposunda vaqonların təmiri prosesi, təmir sexlərinin hazırki durumu haqqında məruzə edildi, nəzərdə tutulan işlər haqqında, yaradılacaq şərait və iş prosesi barədə məlumat verildi. Bildirildi ki, deponun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdə, müəssisədə yeni avadanlıqların quraşdırılması, sexlərin təmiri, daxili dəmir yollarının yenilənməsi və genişləndirilməsi, əməkdaşların məişət şəraitinin yaxşılaşdırılması və ərazinin abadlaşdırılması nəzərdə tutulub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Sədri Cavid Qurbanov Şərq vaqon deposunun təmir-bərpası və yenilənməsi istiqamətində görüləcək işlərlə bağlı tapşırıqlarını verdi.
Qeyd edək ki, Ələt Şərq vaqon deposu 2018-ci ilə aprel ayından “ADY Express” MMC-nin tərkibinə daxil edilib və elə həmin gündən burada yenilənmə prosesinə start verilib. Paralel olaraq texnoloji proses, vaqonların təmiri işləri davam etdirilir. Bununla da ADY Express şirkətinin göstərdiyi xidmətlərin sırasına vaqon təmiri xidməti də daxil edildi.